Futvolley üzrə beynəlxalq turnirin bağlanış mərasimi keçirilib

21:36 15-07-2018 85


İyulun 15-də Bakıdakı “Dalğa Beach”də futvolley üzrə açıq beynəlxalq turnirin bağlanış mərasimi təşkil olunub.

Mərasimdə çıxış edən Azərbaycan Futnet Federasiyasının (AFNF) birinci vitse-prezidenti Aydın Hüseynov turnirin yüksək səviyyədə təşkil olunduğunu və yarışın ölkəmizdə idmanın bu növünün inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Federasiya rəsmisi ölkəmizdə idmana göstərilən dövlət qayğısından və ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu idman siyasətindən danışıb.

Sonra mükafatlandırma mərasiminə start verilib.

Hollandiya yığmasına bürünc medalları “Max Holding”in rəhbəri Kamran Məmmədov, Avstriya millisinə gümüş mükafatı “Dalğa Beach”in rəhbəri Emin Novruzov, qalib komanda Braziliya seçməsinə isə qızıl medalları AFNF-nin birinci vitse-prezidenti Aydın Hüseynov təqdim edib. Həmçinin mükafatçılara kuboklar verilib.

Bağlanış mərasimi əyləncə proqramı ilə davam edib.