Gürcüstanın Batumi şəhərində keçirilən daha bir futvole turnirinə yekun vurulub. Turnirdə Azərbaycan yığması da mübarizə aparıb. Fəyar Hüseynov, Namiq İsgəndərov və Anna Abulaşvilidən ibarət komandamız yaxşı nəticə ilə yadda qalmayıb. Belə ki, kişi cütlüyümüz 1/4 finalda turnirdən turnirə artıran Türkiyəyə məğlub olub. Miksdə 4-cü olsaq da, idmançılarımızın göstərdiyi oyun hələ ki, ümid vermir. Bizdən fərqli olaraqq Dünya Çempionatının seçmə mərhələsində 3 komanda ilə təmsil olunan İsrail ilbəil futvoledə böyük irəliləyiş əldə etdiyini hər dəfə nümayiş etdirir. Elə bizi məğlub edərək ilk dəfə 3-cü olan Türkiyə belə bu istiqamətdə böyük işlər görür. İsrail və Türkiyə idmançıları yerli idman nazirlikləri tərəfindən turnirlərə göndərilir, yığmaları məşq etdirmək üçün tanınmış mütəxəssilər dəvət olunur, əməli iş gedir.
Söhbət hazırda Avropada ən güclülərdən biri olan İsraildən gedirsə, bu ölkənin idman strukturları, dövlət özü futvoleinin inkişafı ciddi addımlar atır. Futvole üzrə hər il ölkə çempionatı, kubok yarışları keçirilir. İdmançıların reytinq cədvəli təşkil edilir. Braziliyadan məşqçilər dəvət edilir və onlar öz bacarıqlarını yerli idmançılara aşılayır. İsrail bütün yarışlarda, beynəlxalq turnirlərdə geniş heyətlə təmsil edilir.
Təəssüflər olsun ki, Azərbaycan Futnet Federasiyası futvolenin inkişafı üçün ölkəmizdə illərdi qollarını çırmalayaraq ciddi işlər görsə də, İdman Nazirliyinin, müvafiq qurumların dəstəyi olmadan böyük nailiyyətlər əldə etmək mümkün deyil. Təbii ki, federasiya rəhbərliyi həvəsdən düşmür və planlarını həyata keçirməkdə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan Respublikasının İdman Nazirliyi bu ecazkar, hamı tərəfindən sevilən idman növünə lazımi diqqəti və qayğını göstərəcək.